Xırdalanda iaşə obyektində baş verən yanğın söndürülüb-YENİLƏNİB VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğının mürəkkəbliyinə və ərazidə şəxsi avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınsöndürən texnikaların yanğın yerinə, o cümlədən yanğın su hovuzuna sərbəst yaxınlaşmasında yaranan çətinliyə baxmayaraq, yanğından mühafizə bölmələrinin peşəkarlığı sayəsində yaxınlıqdakı obyektlər, o cümlədən yaşayış binası yanğından mühafizə edilib. Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 45 nəfər sakini təxliyə edilib.
Yanğın nəticəsində ümumi sahəsi 500 kvadratmetr olan taxta konstruksiyalardan ibarət birmərtəbəli restoranın yanar konstruksiyaları və restorana bitişik ümumi sahəsi 860 kvadratmetr olan birmərtəbəli fitnes klubun dam örtüyünün taxta atmaları 65 kvadratmetr sahədə yanıb.
Fitnes klubun böyük hissəsi, əraziyə bitişik altımərtəbəli yaşayış binası və ümumi sahəsi 2 min 400 kvadratmetr olan müxtəlif təyinatlı obyektlər yanğından mühafizə edilib.
01:34
Abşeron rayonu, Xırdalan şəhərində iaşə obyektində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.