Esma Uçan: Müsəlman qadınlar səhiyyə sahəsinə mühüm töhfələr verirlər VİDEO
Bakı, 26 may, AZƏRTAC
Dinlərarası dialoq simvolik xarakter daşımamalıdır. Qadınlar bu prosesdə xüsusi rol oynamalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Belçika Müsəlmanlar Şurasının prezidenti Esma Uçan mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Qadınlar, kimlik və stereotiplər: Din və mədəni önyarğıların kəsişməsində naviqasiya” panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Avropada bir sıra qadınlar ciddi problemlərlə üzləşirlər və bu reallıqdan qaçmaq mümkün deyil. Müsəlman qadın deyildikdə ya qurban, ya da radikal obrazı göz önünə gəlir. Onlar geri qalmış kimi təqdim olunurlar. Baş örtüyünə görə müsəlman qadınlar ayrı-seçkilik və qısnama ilə üzləşirlər.
“Qadınlar bəzi xidmətlərdən kənarda qalırlar. Halbuki müsəlman qadınlar səhiyyə sahəsinə mühüm töhfələr verirlər. Buna baxmayaraq, dövlət sektorunda işləmək imkanlarından məhrum edilir və sahibkarlığa yönəlməyə məcbur qalırlar. Müsəlman qadınlar cəmiyyətdən təcrid olunurlar ki, bu da bir növ çarəsizliyi əks etdirir. Ən böyük maneə isə baş örtüyüdür”, - deyə E.Uçan əlavə edib.