Bahicə Camal: Bir şəxsin imanlı olması, onun ekstremist olması anlamına gəlmir VİDEO
Bakı, 26 may, AZƏRTAC
Dini maarifləndirmə son dərəcə vacibdir. Əgər bu istiqamətdə fəaliyyət göstərilməzsə, hər hansı bir nəticə əldə etmək mümkünsüzdür. İman ilə ekstremizm arasında fərq açıq şəkildə izah edilməlidir. Bir şəxsin imanlı olması, onun ekstremist olması anlamına gəlmir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Hassan II Universitetinin professoru, BMT-nin Terrorizm və Ekstremizm üzrə eksperti Bahicə Camal mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Qadınlar, kimlik və stereotiplər: Din və mədəni önyarğıların kəsişməsində naviqasiya” adlı panel sessiyada çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Avropa mediasında müsəlman qadınlarla bağlı mənfi stereotiplər geniş yayılıb. Bu, islamofobiyanın daha da artmasına səbəb olur. Sənədli filmlərdə və digər media materiallarında müsəlman qadınlar bəzən qərəzli və yanlış formada təsvir olunur.
Professor Bahicə Camal əlavə edib ki, müsəlman qadınların səsləri mediada kifayət qədər eşidilmir, onların obyektiv və ədalətli şəkildə təmsil olunması hələ də ciddi problemlərdən biridir. “Bu gün müsəlman qadınlara imkan yaradılmalıdır ki, özlərini ifadə etsinlər. Təəssüf ki, mediada müsəlman qadınlara qeyri-obyektiv yanaşma davam edir”, – deyə o bildirib.