İQTİSADİYYAT
35 nömrəli marşrut xəttində “BakuBus” avtobusları fəaliyyət göstərəcək
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 11-dən 35 nömrəli müntəzəm marşrut xətti (Yavər Əliyev küçəsi (“Akkord” binaları) - Ramiz Quliyev (“Bravo” market) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, “Avro-6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BakuBus” MMC-yə məxsus avtobuslarla icra ediləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilərək Yavər Əliyev küçəsi müəyyən edilib. Dəyişiklik sayəsində 35 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən çox sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Bununla da nağdsız qaydada fəaliyyət göstərən marşrutların sayı 47-ə çatacaq.
Qeyd edilib ki, ötən dövrdə sərnişinlərdən 35 nömrəli marşrut xətti üzrə sərnişindaşımaların vəziyyəti ilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı “Kənan-2000” şirkətinə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib. Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə 35 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.