Qarabağ Universitetində tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb FOTO VİDEO
Xankəndi, 17 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yeni tədris ilindən Qarabağ Universitetində Klinika, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq. Universitetdə Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış mühüm addımlardan biridir.
Universitetin Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fakültənin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Tələbələrin tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də hərtərəfli imkanları olacaq. Fakültənin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılan Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angio otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali təhsil ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Klinika Qarabağ Universitetində tibb ixtisası üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edəcək, bu sahədə elmi tədqiqatlar aparmağa, həmçinin regionda əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Burada, eyni zamanda, tədris, tədqiqat və tibbi xidmət fəaliyyəti həyata keçiriləcək.
Klinikada həyata keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcək. Bütün bunlar, eyni zamanda, xarici tələbələrin də bu ali təhsil ocağına marağını artıracaq.
S.Babayev deyib: “Planlarımız böyükdür. Gələcəkdə əlavə elmi araşdırma mərkəzləri yaratmağı da nəzərdə tuturuq. Klinikada Simulyasiya Mərkəzi var, çox modern üslubda kitabxana, auditoriyalar, tədris və elmi-araşdırma laboratoriyaları yaradılıb.
Təhsil əsasən ingilis dilindədir. Tədrisin bir qismi də Azərbaycan dilində aparılacaq. Xüsusən interaktiv dərslər Azərbaycan dilində keçiriləcək. Tədris vəsaitlərinin hamısı ingilis dilindədir. Elektron kitabxanalarımız var. Demək olar ki, tədris materiallarının hamısı elektrondur. Azərbaycanda ADA Universitetindən sonra ikinci universitet olacaq ki, burada bütün tədris elektronlaşdırılacaq. Həm imtahan, həm də tədris elektron platforma üzərində olacaq”.
Dekan bildirib ki, birinci mərhələ klinikada poliklinikalar açılacaq. “Gələn ilin mart ayında təcili tibbi yardım xidməti fəaliyyət göstərəcək. Klinikada gələn il bütün stasionarlarımız tam gücü ilə işə başlayacaq və burada əməliyyat proseduru həyata keçirmək mümkün olacaq. Bundan başqa, özəl xüsusi tibbi mərkəzlər, yəni ana və uşaq sağlamlığı, onkologiya və sair mərkəzlərin açılması da planlaşdırılır”, - deyə o əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.