Düşənbə görüşü: Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Düşənbədə Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş Bakı-Moskva münasibətlərində yeni mərhələnin başlanğıcı hesab olunur.
Görüşdə müzakirə olunan məsələlər və liderlərin çıxışlarında diqqətçəkən məqamlar bunu deməyə əsas verir. Prezident Putinin açıqlamaları onu göstərdi ki, Azərbaycanın təyyarə qəzasından sonra irəli sürdüyü şərtlər, haqlı mövqe Rusiya lideri tərəfindən rəsmən qəbul edilib. Putin faciənin Rusiya səmasında baş verdiyinə görə üzrxahlıq edərək, bu məsələdə ölkəsinin məsuliyyət daşıdığını etiraf etdi. Eyni zamanda, zərərçəkən ailələrə kompensasiya ödəniləcəyini və günahkarların cəzalandırılacağını bildirdi.
Ekspertlər hesab edirlər ki, səsləndirilən bu fikirlər bir ölkənin digərinin mövqeyinə verdiyi sadə reaksiya deyil, bu, Azərbaycan Liderinin prinsipial mövqeyinin, rəsmi Bakının siyasi çəkisinin göstəricisidir.