Köç karvanı ilə Xocalının Şuşakənd və Təzəbinə kəndlərinə çatan ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO
Xocalı, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün köç karvanı ilə Xocalı rayonunun Şuşakənd və Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 27 ailə - 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə - 117 nəfər köçürülüb. Doğma yurda köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıdış münasibətilə təbrik edib və onların rahat yaşamaları üçün bütün zəruri sosial infrastrukturun yenidən qurulduğunu, kommunal xidmətlərin tam təmin olunduğunu deyib.
Kənd sakinləri açarları alaraq, yeni evlərində məskunlaşıblar.
12:56
İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Oktyabrın 14-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Şuşakənd və Təzəbinə kəndlərinə yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 27 ailə - 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə - 117 nəfər köçürülür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.