Vali: Zəngəzur dəhlizi həm Naxçıvan, həm də İğdır, Qars, Ardahan, Ağrı və Ərzurum üçün böyük iqtisadi imkanlar açır VİDEO
Naxçıvan, 3 dekabr, AZƏRTAC
Naxçıvanda olmaqdan duyduğum sevinc və həyəcanı xüsusi ifadə etmək istəyirəm. Qars və İğdır valilərimiz, ticarət palatası rəhbərlərimiz, sektor təmsilçilərimiz və Azərbaycanın Naxçıvandakı dəyərli nümayəndələri ilə birgə çox önəmli bir forum keçirdik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ardahan valisi Hayrettin Çiçek deyib.
O qeyd edib ki, Qarabağın azad edilməsindən sonra yaranmış yeni geosiyasi reallıq, Zəngəzur dəhlizinin önəmi həm Naxçıvana, həm də sərhəd bölgələrinə — İğdır, Qars, Ardahan, Ağrı və Ərzurum vilayətlərinə böyük iqtisadi imkanlar açır.
“Azərbaycan-Türkiyə regional iqtisadi forumları regional əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sektor təmsilçilərimiz də burada qarşılıqlı tanışlıq imkanı əldə etdilər. Bildiyimiz kimi, İğdırın iş adamları uzun illərdir Naxçıvanla çox yaxşı münasibətlər qurub. Ardahan, Qars, Ərzurum və Ağrıdan olan iş adamlarımızın da gələcəkdə bu bölgələrdə mühüm yatırımlar həyata keçirəcəklərinə inanırıq. Eyni şəkildə, azərbaycanlı iş adamlarının da bölgəmizə sərmayə qoyması üçün çox münbit şərait mövcuddur", - deyə vali əlavə edib.