Qazaxda yanacaqdaşıyan avtomobildə baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 1-i xəsarət alıb - YENİLƏNİB-3 VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 7-si saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbi ilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qazax Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-a verilən məlumata görə, 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.
Hadisə nəticəsində 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
14:57
Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində "MAN" markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
14:22
Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğın nəticəsində yanacaqdaşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.
Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.
13:48
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.