Vüqar Behbudov: Ötən il 37 vətəndaşımızın ölkəyə repatriasiyası həyata keçirilib VİDEO
Bakı, 19 yanvar, AZƏRTAC
2025-ci ildə Suriya, Rusiya və Fələstindən 37 vətəndaşımızın ölkəyə repatriasiyası həyata keçirilib. Onların sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və reabilitasiyası məqsədilə iş aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
Vüqar Behbudov qeyd edib ki, il ərzində isə bu kateqoriyadan olan 255 nəfərə müxtəlif sosial xidmətlər göstərilib: "Ötən dövrdə ümumilikdə 200-dən çox ailəyə səfər edilib, 600-ə yaxın şəxsə xidmət göstərilib. Səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınır və müvafiq dəstək göstərilməsi üçün tədbirlər görülür. Hazırda da bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin olunması üçün işlər davam etdirilir".