“3 İL - UĞUR, İNKİŞAF,TƏRƏQQİ” DEVİZİ ALTINDA BAYRAM TƏDBİRİ KEÇİRMİŞDİR
Əvvəlcə “İrəli” ÜGH-nın fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur. 2500-ə yaxın gəncin iştirak etdiyi tədbirdə “İrəli” ÜGH-nın fəal üzvləri çıxış edərək, dövlətimizin başçısı İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılmış uğurlardan, gənclərin müxtəlif sahələrdə fəaliyyəti üçün yaradılmış münbit şəraitdən, onların yüksək təhsilə və müasir informasiya texnologiyalarına yiyələnərək, Azərbaycanın inkişafı naminə çalışmalarından, eləcə də dövlətin apardığı uğurlu siyasət nəticəsində hazırda gənclərin ali qanunvericilik və idarəetmə orqanlarında fəaliyyətindən danışmışlar.
Bildirmişlər ki, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısının əvəzində biz gənclər ilk növbədə dövlətimiz üçün layiqli vətəndaş olmalı, ölkəmizin inkişafı üçün səmərəli işlər görməliyik.
“İrəli” ÜGH bütün gəncləri ölkəmizin başçısı İlham Əliyevin ətrafında sıx birləşməyə, onun siyasətini dəstəkləməyə çağırdı. Gənclərə təşkilatın çap etdirdiyi “Prezidenti niyə dəstəkləyirik?” adlı kitabçalar paylanılmışdır.
Sonra tədbirdə çıxış edən müğənnilər gənclərə əsil bayram əhval-ruhiyyəsi bəxş etmişlər.
Tədbirdə Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Milli Məclisin deputatları iştirak etmişlər.