Xəzərin Lənkəran sahillərində neft qalıqlarının yayılması ilə əlaqədar AÇIQLAMA VİDEO
Lənkəran, 2 aprel, AZƏRTAC
Son günlər Lənkəran rayonunun “Kiçik bazar” ərazisi istiqamətində Xəzər dənizi sahilində neft qalıqları aşkar olunub. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə yerli sakinlər məlumat veriblər.
Bununla bağlı ekoloq Nazim Məmmədov bildirib ki, sahilə çıxan maddələr karbohidrogen tərkibli neft qalıqlarıdır. Onun sözlərinə görə, hazırda Xəzər dənizinin cənub hissəsində aktiv neft hasilatı aparılmadığından, bu cür halların baş verməsi daha çox təbii proseslərlə əlaqələndirilir. Ekoloq qeyd edir ki, dəniz dibində yerləşən neftli layların hərəkəti, həmçinin güclü dalğaların təsiri nəticəsində uzun müddət suyun dərin qatlarında qalan neft qalıqları üzə çıxaraq sahilə qədər çata bilir.
Bununla yanaşı, mütəxəssis belə halların ekosistemə təsirinin də nəzərə alınmalı olduğunu vurğulayır. Neft tərkibli maddələrin sahilboyu ərazilərdə toplanması dəniz canlılarının yaşayış mühitinə mənfi təsir göstərə, xüsusilə sahilə yaxın ərazilərdə yaşayan orqanizmlər üçün risk yarada bilər.
Nazim Məmmədov problemin aradan qaldırılması üçün sahilboyu ərazilərdə mütəmadi təmizləmə işlərinin aparılmasını vacib hesab edir. Eyni zamanda, davamlı monitorinqin gücləndirilməsi, vəziyyətin mütəmadi olaraq qiymətləndirilməsi və çirklənmənin dəqiq mənbəyinin müəyyənləşdirilməsi vacibdir. Bu tədbirlər həyata keçirildiyi təqdirdə həm mövcud çirklənmənin qarşısını almaq, həm də gələcəkdə oxşar halların təkrarlanma riskini minimuma endirmək mümkündür.
Məsələ ilə əlaqədar Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Xidmətin 5 saylı Lənkəran-Astara regional bölməsinin əməkdaşları bu gün həmin ərazidə monitorinq aparıblar.

Monitorinq zamanı vizual olaraq suda neft ləkələri müşahidə edilməyib. Lakin dəqiq nəticələr üçün sahildən su nümunələri götürülərək analiz olunması məqsədilə Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Analiz nəticələrinin təhlilindən sonra ictimaiyyətə məlumat veriləcək.
Müxbir - İlkin Adıyev