İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO
Bakı, 27 may, AZƏRTAC
Bu gün Qurban bayramı ilə əlaqədar respublikanın hər yerində, o cümlədən də paytaxt Bakıda heyvanlar kəsilir.
Prosesi izləmək üçün AZƏRTAC-ın əməkdaşları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C ünvanında təşkil edilən qurbanlıq heyvan satışı və kəsimi məntəqəsində olublar. Burada böyük qələbəlik müşahidə edilib. Satıcılar alıcıların çox olduğunu bildiriblər.
Satıcı Amid Məmmədov deyib ki, qurbanlıq heyvanları Ağcabədidən gətirib: “Yerli Qarabağ quzularıdır. Kim istəsə gəlib, ala bilər. Qurbanlıq heyvanları çəkisinə görə satırıq. Hər qiymətə heyvan var. 150 baş qurbanlıq gətirmişik".
Alıcılar da qurbanlıq heyvanların qiymətlərinin qənaətbəxş olduğunu deyiblər.
Alıcı Əhməd Əliyev vurğulayıb ki, qurbanlıq seçmək üçün yaxınlıqda olan heyvan bazarına gəlib: "Yaxşı qurbanlıq seçdik. Hər il kəsirik, Qurban bayramı bizim üçün əvəzolunmaz bayramdır".
Alıcı Mədinə Zeynalova təqaüdündən ayırdığı vəsaitlə qurban kəsdiyini dilə gətirib: "Hər il qurban kəsirik. Gücümüz çatandan aldıq".
Alıcı Rövşən Fətəliyev də hər il qurban kəsdiyini vurğulayıb. “Allah hamının qurbanlarını qəbul eləsin!", - deyə o vurğulayıb.
Alıcı Rafael Baloğlanov dörd qurbanlıq heyvan aldığını dilə gətirib: "İmkansız ailələlərə 1 kiloqram yarımdan olmaqla qurbanlıq ət verəcəyik. Allah hamının kəsdiyi qurbanları qəbul eləsin!".
Qeyd edək ki, qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunur.