Professor Mahirə Hüseynova: İnanırıq ki, "Qərbi Azərbaycana qayıdış" ideyası öz real nəticələrini verəcək VİDEO
Naxçıvan, 18 iyun, AZƏRTAC
Bu gün Naxçıvanda "Qərbi Azərbaycana qayıdış" III festival-konqres keçirilir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirilən bu mötəbər tədbir öz mahiyyəti və verəcəyi mesajlarla xüsusi əhəmiyyət daşıyır. Buraya toplaşan insanların coşqusu, simalarındakı sevinc və qətiyyət bir həqiqəti ifadə edir: biz Qərbi Azərbaycana mütləq qayıdacağıq. İrəvanda, Göyçədə, Dərələyəzdə və tarixi yurdlarımızın hər birində belə elmi və mədəni tədbirlərin keçiriləcəyi gün uzaqda deyil.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova deyib.
Professor qeyd edib ki, tədbirə qatılan alim və tədqiqatçıların hər biri Qərbi Azərbaycanla bağlı araşdırmalarını, elmi məqalələrini və tarixi faktlara əsaslanan tədqiqatlarını təqdim edir. Bu işlərin əhəmiyyəti ondadır ki, onların hər biri arxiv materiallarına, qədim mənbələrə, tarixi sənədlərə və xəritələrə söykənərək Qərbi Azərbaycanın tarixi həqiqətlərini ortaya qoyur.
"Tədbirin keçirildiyi məkan da rəmzi məna daşıyır. Qədim Ordubad Zəngəzur dəhlizi üzərində yerləşən, strateji əhəmiyyətə malik bölgədir. Bu ərazi həm Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat xəttinin, həm də regionun inkişaf perspektivlərinin mühüm tərkib hissəsidir. Biz bu gün qədim Ordubadda toplaşmışıq və əminliklə deyə bilərik ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu bölgə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. İnanırıq ki, tarixi ədalətin bərpası və "Qərbi Azərbaycana qayıdış" ideyası öz real nəticələrini verəcək, xalqımız öz tarixi yurdlarına qovuşacaq", - deyə Mahirə Hüseynova əlavə edib.