İmtahan iştirakçısı: Peşə təmayüllü siniflər şagirdlərin gələcək peşə seçiminə töhfə verir VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Peşə təmayüllü siniflər üzrə müəllimlərin işə qəbulu imtahanında ixtisas sualları nisbətən rahat idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri peşə təmayüllü siniflər üzrə müəllimlərin işə qəbulu imtahanında iştirak edən Ülkər Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “İKT Helpdesk” istiqaməti üzrə imtahan verib və 56 bal toplayıb.
“İmtahan mənim üçün kifayət qədər rahat keçdi. İxtisas sualları nisbətən rahat idi. Ümumilikdə suallar elə də çətin deyildi. Sadəcə, bir qədər səbirsiz insan olduğum üçün imtahanı tez başa vurub zaldan çıxdım”, – deyə Ü.Muradova qeyd edib.
Namizəd peşə təmayüllü siniflərin şagirdlər üçün mühüm imkan yaratdığını vurğulayıb: “Bu istiqamətdə dərs demək istərdim. Hesab edirəm ki, peşə təmayüllü siniflər şagirdlər üçün çox faydalıdır. Onlar məktəbdə oxuduqları müddətdə müəyyən peşə bacarıqları əldə edərək həyata daha hazırlıqlı olurlar. Hətta ali təhsil almağı dərhal düşünməyən şagirdlər üçün də bu, gələcək karyeralarına müsbət təsir göstərə bilər.
Bu layihə müəllimlər üçün də yaxşı fürsətdir. Məktəbdə işləmək və peşə təmayüllü siniflərdə fəaliyyət göstərmək istəyən müəllimlər üçün öz bilik və bacarıqlarını tətbiq etmək baxımından geniş imkanlar yaradır”.