Paul Nsapu Mukulu: Tarixi həqiqətin bərpası ədalət və barışıq üçün əsas şərtdir VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Belçikanın Afrikadakı müstəmləkəçilik siyasətinin fəsadlarının araşdırılması, tarixi həqiqətlərin üzə çıxarılması və o dövrdə baş vermiş insan hüquqları pozuntularına görə cavabdehliyin müəyyənləşdirilməsi ədalətin bərpası baxımından böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Konqo Demokratik Respublikasının Milli İnsan Hüquqları Komissiyasının prezidenti, KDR-in ombudsmanı Paul Nsapu Mukulu avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans çərçivəsində bildirib.
Ombudsman qeyd edib ki, Belçikanın müstəmləkəçilik siyasəti, xüsusilə Böyük Göllər regionunda, – Konqo Demokratik Respublikası, Ruanda və Burundidə, – xalqların həyatına ağır təsir göstərib: “Belçikanın müstəmləkəçiliklə bağlı öz yanaşması və tarixi yazmaq üsulu olub. Təəssüf ki, biz bu tarixin düzgün yazılmadığını görürük. Bu gün həmin xalqların yaşadığı əzablara qayıtmaq, baş vermiş cinayətlər və insan hüquqları pozuntuları ilə bağlı məsuliyyəti müəyyənləşdirmək çox vacibdir. Bizə həmin tarixin düzgün şəkildə yenidən araşdırılması və məsuliyyətin müəyyənləşdirilməsi lazımdır. Bu, həm keçmişdə baş verənləri anlamağa, həm də bu gün qəbul edilən qərarların və yanaşmaların hansı tarixi əsaslardan qaynaqlandığını görməyə imkan verər”, – deyə KDR-in ombudsmanı qeyd edib.
P.N.Mukulu Bakı Təşəbbüs Qrupunun bu istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. “Bakı Təşəbbüs Qrupunun bu təşəbbüsü təqdirəlayiqdir. Ən azı zərər çəkmiş insanlar öz həqiqətlərinə çıxış əldə edir, yaşadıqlarını və nəsillərinin yaddaşında qalan hadisələri ifadə etmək imkanı qazanırlar. Bu baxımdan beynəlxalq konfrans çox mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.
KDR-in ombudsmanı vurğulayıb ki, tarixi həqiqətin üzə çıxarılması gələcəkdə oxşar cinayətlərin və insan hüquqları pozuntularının təkrarlanmasının qarşısının alınmasına da xidmət edə bilər.
Onun sözlərinə görə, qurbanların həqiqətə və ədalətə çıxışının təmin edilməsi barışıq prosesinin sağlam əsaslar üzərində qurulması üçün vacibdir. “Qurbanlar həqiqətə çıxış əldə etməlidirlər. Həqiqət və ədalət təmin olunarsa, bu, barışıq üçün sağlam əsas yaradır. Eyni zamanda, gələcəkdə yeni ədalətsizliklərin təkrarlanmasının qarşısını almaq mümkündür”, – deyə P.N.Mukulu diqqətə çatdırıb.
O qeyd edib ki, beynəlxalq humanitar hüququn pozulması ilə bağlı problemlər bu gün də tam aradan qalxmayıb. Buna görə də dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti, ekspertlər və beynəlxalq təşəbbüs qrupları bu məsələlərin həllində daha fəal iştirak etməlidirlər.