Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Bu gün Türk dünyasının müxtəlif bölgələrində fərqli musiqi ənənələri və bəstəkarlıq məktəbləri mövcuddur. Zaman keçdikcə bu ənənələr milli məktəblərə çevrilib, görkəmli bəstəkarların yaradıcılığından bəhrələnərək inkişaf edib və hər biri özünəməxsus üslub formalaşdırıb.
Bunu AZƏRTAC-a açıqlamasında İstanbul Universiteti Dövlət Konservatoriyasının Musiqişünaslıq kafedrasının müdiri professor Abdullah Akat deyib. Onun sözlərinə görə, Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması müxtəlif bəstəkarlıq məktəblərinin imkanlarını bir araya gətirməklə ortaq musiqi dilinin formalaşmasına töhfə verə bilər.
“Hər birimizin özünəməxsus musiqi dili var və bu müxtəliflik bizim böyük zənginliyimizdir. Bu zənginliyi qoruyub saxlamaqla yanaşı, Türk dünyasının ruhunu, xarakterini və mədəni özünəməxsusluğunu əks etdirən ortaq musiqi dili və estetikası da inkişaf etdirilməlidir”, – deyə professor bildirib.
Abdullah Akat qeyd edib ki, Birliyin fəaliyyətinin əsas istiqamətlərindən biri yeni nəsil bəstəkarların yetişdirilməsi və onların peşəkar inkişafının dəstəklənməsi olacaq.
“Eyni zamanda, Birliyə üzv bəstəkarların əsərlərinin dünyanın müxtəlif ölkələrində səsləndirilməsi və beynəlxalq musiqi məkanında təmsil olunması üçün səylərimizi birləşdirəcəyik. Məqsədimiz Türk dünyasında mövcud bəstəkarlıq məktəblərinin inkişafına töhfə vermək və onların dünya miqyasında daha geniş tanıdılmasına nail olmaqdır”, – deyə o vurğulayıb.