Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir VİDEO
Pekin, 23 sentyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Fariz Əliyev Pekində “Qlobal Dayanıqlı Nəqliyyat Forumu – 2026” çərçivəsində keçirilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Yüksəksəviyyəli Görüşdə təqdimat zaman deyib.
Fariz Əliyev Orta Dəhlizin inkişafı və Azərbaycanın bu marşrutda strateji rolu barədə məlumat verib, onun Asiya ilə Avropa arasında daha sürətli və dayanıqlı bağlantının təmin edilməsi, ticarət marşrutlarının şaxələndirilməsi və təchizat zəncirlərinin dayanıqlılığının artırılması baxımından əhəmiyyəti vurğulayıb.
Təqdimat zamanı Azərbaycanın son illərdə dəmir yolu, avtomobil yolu, liman və digər nəqliyyat infrastrukturunun inkişafına yönəltdiyi investisiyalar, həyata keçirilmiş əsas layihələr, eləcə də tranzit prosedurlarının sadələşdirilməsi və nəqliyyat-logistika proseslərinin rəqəmsallaşdırılması istiqamətində görülmüş tədbirlər diqqətə çatdırılıb. Xüsusilə, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı və Zəngəzur bağlantısının regional nəqliyyat əlaqələrinin genişləndirilməsində rolu qeyd edilib.
Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika infrastrukturu ilə inteqrasiyası və bu imkanların ölkədə əlavə dəyər yaradan fəaliyyətlərin inkişafına töhfəsi diqqətə çatdırılıb. Azərbaycanın yalnız tranzit ölkəsi kimi deyil, yüksək əlavə dəyər yaradan regional logistika və iqtisadi mərkəz kimi mövqeyinin gücləndirilməsinin əsas hədəflərdən biri olduğu vurğulanıb.
Şahin Cəfərov