“Tekfen İnşaat”: Azərbaycanda müxtəlif sektorlara investisiyaların davam edəcəyinə inanıram VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycanda investisiya mühitinin sabitliyi və ölkənin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi siyasət xarici investorlar üçün mühüm imkanlar yaradır.
Bunu AZƏRTAC-a müsahibəsində “Tekfen İnşaat” şirkətinin İdarə Heyətinin sədri Levent Kafkaslı bildirib.
Levent Kafkaslı Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun əhəmiyyətini vurğulayaraq deyib.
“İkinci dəfə keçirilən bu forum Azərbaycan üçün çox qiymətli və vacibdir. İştirakçıların çox güclü olması da mühüm göstəricidir. Azərbaycanın 2030-cu ilədək investisiya gündəliyində müxtəlif sektorlar önə çıxacaq. Ölkədə investisiya mühitinə olan etimad yüksəkdir və bu, neft-qaz sektorundan kənar sahələrə də investisiyaların artmasına imkan verir. Azərbaycanın müxtəlif sektorlarında investisiyaların həyata keçirildiyini artıq görürük. Bu investisiyalar kifayət qədər şaxələndirilib və bunun getdikcə artaraq davam edəcəyinə inanıram”, – deyə o bildirib.
“Tekfen İnşaat”ın İdarə Heyətinin sədri neft-qaz sektorunun da Azərbaycan iqtisadiyyatında əhəmiyyətini qoruyacağını vurğulayıb: “Təbii ki, neft və qaz sektorunda investisiyalar olacaq. Neft-kimya sahəsinə də investisiyalar qoyulacaq. Bunlar çox vacibdir və bu investisiyalar digər sektorları da dəstəkləyəcək”.