Damirbek Bikulov: Qırğızıstan və Azərbaycan beynəlxalq investorları birlikdə cəlb edə bilər - MÜSAHİBƏ VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
Qırğızıstan və Azərbaycan birgə investisiya layihələri və üçüncü ölkələrdən investorların cəlb edilməsi üçün əhəmiyyətli potensiala malikdir.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edən Qırğız Respublikası Prezidenti yanında Milli İnvestisiya Agentliyinin rəis müavini Damirbek Bikulov bildirib.
O qeyd edib ki, belə genişmiqyaslı tədbirin Bakıda keçirilməsi ölkələr və regionların investisiya səylərini birləşdirmək üçün imkanlar yaradır.
“Hər bir ölkə fərdi olaraq investisiya cəlb edə bilər, lakin əgər biz bütün regionu təmsil etsək, səylərimizi birləşdirsək və investorları birgə cəlb etsək, bu, böyük layihələrin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq”, - deyə o bildirib.
D. Bikulov qeyd edib ki, Qırğızıstan yaşıl enerji, infrastruktur, orqanik məhsulların istehsalı, səhiyyə və təhsil sahələri də daxil olmaqla Azərbaycanla investisiya əməkdaşlığını genişləndirməkdə maraqlıdır.
“Biz yaşıl və təmiz enerji təklif edirik. Bizim üçün Azərbaycan Qafqaza və daha sonra Avropaya açılan qapı, Qırğızıstan isə Mərkəzi Asiyaya və daha sonra Asiyaya açılan pəncərədir. Buna görə də, birgə imkanlarımızdan istifadə edə bilərik”, - deyə Qırğızıstan agentliyinin nümayəndəsi vurğulayıb.
Nəqliyyat əlaqələrindən danışan müsahibimiz Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin vacibliyini və onun digər nəqliyyat marşrutları ilə inteqrasiya perspektivlərini qeyd edib.
“Bu dəmir yolu Asiya və Avropanı birləşdirən yeni arteriyaya çevriləcək. Burada biz üçüncü ölkə bazarlarına birgə daxil ola və yaranan imkanlardan istifadə edə biləcəyimiz qardaş ölkə kimi Azərbaycanın rolunu görürük”, - deyə D. Bikulov vurğulayıb.
O, həmçinin Azərbaycanın azad iqtisadi zonaların yaradılması təcrübəsini yüksək qiymətləndirərək bildirib ki, oxşar həllərin tətbiqi və iki ölkənin azad iqtisadi zonaları arasında əməkdaşlığın inkişaf etdirilməsi mümkündür.
D. Bikulov Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun fəaliyyəti ilə bağlı qeyd edib ki, onun kapitallaşmasının artması ikitərəfli iqtisadi əməkdaşlıq üçün yüksək potensialı nümayiş etdirir.
“Bizim artıq orqanik məhsulların istehsalı, səhiyyə və təhsil sahələrində layihələrimiz var. Düşünürəm ki, bu cür layihələr, o cümlədən sosial proqramlar çox vacibdir. Potensial çox böyükdür və biz bunu birlikdə inkişaf etdirməliyik”, - deyə o bildirib.
D. Bikulovun sözlərinə görə, İnvestisiya Fondu iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsində əhəmiyyətli rol oynaya bilər.
“İnanıram ki, bu fond ildən-ilə aktiv olacaq və iqtisadi-ticari münasibətlərimizin inkişafına əhəmiyyətli töhfə verəcək”, - deyə o əlavə edib.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu haqqında danışan D. Bikulov onun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib, iştirakçıların coğrafiyasının və Bakı İnvestisiya Platformasının əhəmiyyətinin genişlənəcəyinə əminliyini bildirib.
“İnanıram ki, bu platforma ildən-ilə coğrafi cəhətdən genişlənəcək, eyni yüksək səviyyədə keçiriləcək, investorların və hökumətlərin birlikdə işləyə, layihələri müəyyən edə və inkişaf etdirə biləcəyi etibarlı platformaya çevriləcək”, - deyə o bildirib.