Anar Əliyev: İqtisadiyyatın müxtəlif sahələri üzrə 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib VİDEO
Bakı, 26 sentyabr, AZƏRTAC
Hazırda elektron sistemlərimizin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "İnsan kapitalına və gələcək bacarıqlara investisiya"mövzusunda panel sessiyada deyib.
Nazir bildirib ki, Əmək və Məşğulluq alt sistemi üzərindən əmək müqavilələrinin 97 faizi elektron qaydada bağlanıb.
“Əmək bazarının müasir çağrışlarına cavab olaraq dövlət məşğulluq siyasəti də əhəmiyyətli islahat dövrünü keçib. Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1700 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin və digər maraqlı tərəflərin istifadəsinə verilib. Bu da öz növbəsində əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsinə, peşə bacarıqlarının obyektiv qiymətləndirilməsinə və rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına mühüm töhfə verir. İşsiz və işaxtaran şəxslər üçün 175 peşə üzrə təlimlər təşkil olunur, eləcə də bu sahədə 180-ə yaxın dövlət və özəl təhsil/təlim müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir. Azərbaycanın qarşısında duran mühüm istiqamətlərdən biri də yaşıl iqtisadiyyatın inkişafı üçün zəruri olan yeni bilik və bacarıqlara malik işçi qüvvəsinin formalaşdırılmasıdır. Bu yanaşma həm yeni məşğulluq imkanlarının yaradılmasına, həm də əmək bazarının yaşıl transformasiyanın tələblərinə uyğunlaşdırılmasına xidmət edir. Hesab edirik ki, qarşıdakı dövrdə dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri universitetlər, işəgötürənlər və dövlət qurumları arasında davamlı əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsi olmalıdır. Çünki istedadlı kadrların hazırlanması universitetdə başlayır, onun potensialının praktiki müstəvidə reallaşması əmək bazarında davam edir, bu prosesin davamlılığını və sistemliliyini isə düzgün dövlət siyasəti təmin edir”, - deyə nazir əlavə edib.
Nazir qeyd edib ki, üç tərəfin - təhsil, biznes və dövlətin potensialının səmərəli əlaqələndirilməsi nəticəsində daha yüksək məşğulluq, daha məhsuldar əmək, daha çevik əmək bazarı və daha rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdırmaq mümkündür: “Azərbaycan hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri gələcəyin iş yerlərinin tələblərinə uyğun insan kapitalının formalaşdırılmasıdır. Ölkəmizdə həyata keçirilən islahatlarda insan kapitalının inkişafına yalnız təhsil mərhələsində formalaşan bilik və bacarıqlar kontekstində deyil, insanın bütün əmək fəaliyyəti boyunca davam edən fasiləsiz inkişaf prosesi kimi yanaşılır. Bu yanaşmanın mühüm elementlərindən biri ömürboyu öyrənmə prinsipidir. Bu məqsədlə əmək bazarının tələblərinə uyğun peşə və kvalifikasiya standartlarının hazırlanması və mütəmadi təkmilləşdirilməsi, əmək bazarının izlənilməsi, peşəyönümü xidmətlərinin gücləndirilməsi və işəgötürənlərin kadr hazırlığı prosesinə daha fəal cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır”.