Nazir müavini: İşəgötürənlər vakansiyalara müraciət edən məzunlara diqqətlə yanaşmalıdırlar VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
Xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisində dövlət və özəl sektoru təmsil edən 42 işəgötürən iştirak edir və onlar məzunlara 150-dək iş yeri təklif edirlər. Məzunlar işəgötürənlərlə əlaqə saxlamalı, bilik və bacarıqlarını nümayiş etdirməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisinin açılış mərasimində deyib.
Nazir müavini qeyd edib ki, Dövlət Proqramının tələblərinə əsasən, məzunlar kifayət qədər təhsilli və savadlıdırlar. İşəgötürənlər də bunu bilirlər. Bununla yanaşı, namizədlərin işə necə yanaşacağı və işə necə dəyər qatacağı da vacib məsələlərdir. Bu sualların qarşılıqlı müzakirəsi əhəmiyyətlidir.
Rəşad Mustafayev vurğulayıb ki, məzunlar işəgötürənlərlə söhbət zamanı təhsil müddətində komandalar arasında bölüşdürülmüş layihələrin icrası, qarşılaşdıqları məsələlərin həlli və bu prosesdə göstərdikləri bacarıqlar barədə danışsalar, daha uğurlu nəticələr əldə edə bilərlər.
O bildirib ki, əməkhaqqı və vəzifə vacib olsa da, karyeranın ilk addımlarında özünü göstərmək və iş mühitinə uyğunlaşmaq da zəruridir. Nazir müavini diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyi bu məsələlərdə məzunların yanındadır. ƏMAS sistemi üzərindən işəgötürənlərlə işçilərin bilik və bacarıqlarının uyğunlaşdırılması üçün avtomatlaşdırılmış sistemlər fəaliyyət göstərir. Həmçinin Karyera Portalı vasitəsilə məsləhət xidmətlərindən yararlanmaq və peşəkar CV-lər hazırlamaq mümkündür.
Rəşad Mustafayev işəgötürənlərə də müraciət edərək bildirib ki, onlar vakansiyalara müraciət edən məzunlara daha diqqətlə yanaşmalıdırlar. Məzunların hər bir sualı yeni imkanlar yarada bilər və onların əldə etdikləri bilik və bacarıqlardan müəssisələrdə səmərəli istifadə olunmalıdır.
Rəşad Mustafayev çıxışının sonunda həm məzunlara, həm də işəgötürənlərə uğurlar arzulayıb. O, məzunların həm öz inkişaflarına nail olacağına, həm də ölkənin və dövlətin uğurlarına töhfə verəcəyinə inandığını bildirib.