İlqar Bayramlı: “SkillBridge” layihəsi gənclərin məşğulluq imkanlarını genişləndirəcək VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
“SkillBridge - İnklüziv məşğulluq üçün inklüziv təhsil” layihəsi çərçivəsində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində dörd yeni emalatxana yaradılıb. Burada əlilliyi və neyromüxtəlifliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi və əmək bazarına inteqrasiyası nəzərdə tutulur. Bu layihə Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, SOCAR Midstream Gas Operations MMC və Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşlarının maliyyə dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin icraçılığı ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, layihə çərçivəsində 100-dək şəxsin qiymətləndirilməsi, təlimlərə cəlb olunması və sonradan 60 nəfərə yaxın gəncin işlə təmin edilməsi planlaşdırılır. Əsas məqsəd yalnız təhsil imkanları yaratmaq deyil, həm də hər bir gəncin fərdi xüsusiyyətlərini və potensialını üzə çıxarmaq, bacarıqlarını inkişaf etdirmək və cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakını təmin etməkdir.
“Layihə çərçivəsində neyromüxtəlifliyi olan şəxslərin iş mühitinə uyğunlaşmasına və davamlı məşğulluğuna dəstək göstərmək üçün 25 iş kouçunun hazırlanması, onlardan 15-nin işlə təmin olunması nəzərdə tutulur. Ümumilikdə bütün peşə istiqamətləri üzrə 4454 saatlıq təlimin təşkili planlaşdırılır.
İnklüziv peşə təhsili və məşğulluq barədə ictimai məlumatlılığın artırılması məqsədilə dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə 12 maarifləndirmə tədbiri keçiriləcək, həmçinin 14 maarifləndirici video hazırlanacaq. Layihənin davamlı olacağına və daha çox gəncin öz bacarıqlarına uyğun məşğulluq imkanları əldə edəcəyinə ümidvaram”, - deyə agentliyin direktoru qeyd edib.