REGİONLAR
50 ildən sonra bir arada FOTO VİDEO






Gəncə, 22 may, AZƏRTAC
Bu günlərdə Gəncə şəhərində Mirzə Abbas Abbaszadə adına 20 nömrəli tam orta məktəbin 1974-cü il məzunları “Son zəng”dən 50 il sonra ilk dəfə görüşüblər. Görüş doğma məktəbdə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə 1974-cü ildə məktəbi bitirmiş bir sinifdən olan 23 məzun bir araya gələrək doğma məktəbi ziyarət ediblər. Onlar 50 ildən sonra əvvəlki sinif otaqlarında, parta arxasında əyləşərək məktəb illəri ilə bağlı xatirələrini bölüşüblər.
Səmimi keçən və duyğulu anların yaşandığı görüş zamanı məzunlar Dövlət Himnini oxuyub, sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, habelə dünyasını dəyişən müəllim və sinif yoldaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məktəb rəhbərliyinin dəstəyi və iştirakı ilə keçirilən görüşdə məzunlar adından doğma məktəbə 50 illik yubiley görüşü ilə bağlı xatirə plaketi təqdim olunub.
Tədbirin əsas təşkilatçısı, eyni zamanda, məzunlardan biri olan Sabahəddin Şabanovun sözlərinə görə, sinif yoldaşlarını 50 ildən sonra bir araya toplamaq heç də asan olmayıb. Əlli il öncə nə müasir kommunikasiya vasitələri, nə də sosial şəbəkələr mövcud deyildi. Bu səbəbdən, məzunlar da bir-birini çətinliklə tanıya bilib və bu zaman maraqlı anlar yaşanıb.
Doğma məktəbə görüşə gələnlər arasında xarici ölkələrdə və Azərbaycanın müxtəlif şəhərlərində yaşayan məzunlar da var. Məsafələrin uzaqlığına baxmayaraq, ürəklərdəki yaxınlıq və doğmalıq onları Moskva, Mahaçqala, Ədirnə, Bakı və digər şəhərlərdən Gəncə şəhərinə gətirib.
Görüş sonra süfrə arxasında davam etdirilib.