6 NOYABR PARLAMENT SEÇKİLƏRİNDƏ DEMOKRATİYA QALİB GƏLMİŞDİR
Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov demişdir ki, bu tədbirin keçirilməsi təşəbbüsünü irəli sürmüş YAP, əslində, ölkəmizdə yeni bir ənənənin - seçkidən sonrakı dövrdə, seçkilərin nəticələrinə düzgün, qərəzsiz, ədalətli münasibət bildirmək ənənəsinin əsasını qoymuşdur. Təəssüf ki, seçkilərdə uduzmuş bir qisim, əsasən, radikal müxalifətdən olan namizədlər bu seçkilərə öz konkret göstəriciləri baxımından qiymət verir, “mən seçilməmişəmsə, deməli, seçkilər düzgün keçirilməyib” məntiqini ortaya qoyurlar. Lakin seçkilərin demokratik, azad, şəffaf şəraitdə keçdiyini bütün Azərbaycan xalqı görmüş, bunu mindən çox beynəlxalq müşahidəçi təsdiqləmişdir.
Ə.Əhmədov bildirmişdir ki, parlament seçkilərinin nəticələrini müsbət qiymətləndirən namizədlər müvafiq bəyanat qəbul etmişlər və hazırda bu sənədə qol çəkənlərin sayı 700-ə çatmışdır. Bu prosesin davam etdiyini söyləyən natiq, bəyanata qoşulan siyasi partiyaların, blok və birliklərin, müstəqil namizədlərin adlarını açıqlamışdır.
Tədbirdə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov, Yurddaş Partiyasının sədri Mais Səfərli, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Azay Quliyev, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, xalq şairi Vaqif Səmədoğlu və başqaları çıxış edərək, seçkilərin ədalətli, demokratik şəraitdə keçirilməsində, beynəlxalq standartlara uyğunlaşdırılmasında Prezident İlham Əliyevin 2005-ci il 11 may və 25 oktyabr tarixli Sərəncamlarının əhəmiyyətini xüsusi vurğulamışlar. Qeyd edilmişdir ki, bu Sərəncamlar, eləcə də beynəlxalq birliyin tövsiyələrinin nəzərə alınması, ciddi qanun pozuntuları müşahidə olunan seçki dairələrində nəticələrin ləğvi və təqsirkarlar barədə tədbirlərin görülməsi Azərbaycan iqtidarının seçkilərin demokratik keçirilməsində maraqlı olduğunu bir daha sübut etmişdir. Vurğulanmışdır ki, xarici ölkələrdən aldıqları qrantları doğrultmaq üçün xalqımızı mitinqlərə, qarşıdurmaya cəlb etmək istəyən radikal müxalifət isə məğlubiyyətini etiraf etməli, qalibə əl uzatmalıdır.