İDMAN
Qadın güləşçilərimiz dünya kuboku yarışlarını beşinci pillədə başa vurublar VİDEO
Bakı, 10 mart, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində qadın güləşi üzrə dünya kuboku yarışları başa çatıb. Yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə “A” qrupunda mübarizə aparıb. “B” qrupunda isə Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayıblar.
Qrupun ilk görüşündə ABŞ komandası ilə 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki göstəricilərə görə rəqibdən geri qalan yığmamız görüşü məğlub başa vurub. Qadın güləşçilərimiz ikinci görüşdə Polşa güləşçilərinə 5:3 hesabı ilə qalib gəliblər. Qrupun son görüşünü güclü Yaponiya yığmasına qarşı keçirən komandamız 3:5 hesablı məğlubiyyətlə barışmalı olub. Görüşlərin nəticəsinə əsasən komandamız mübarizə apardığı “A” qrupunu 3-cü yerdə tamamlayıb.
Qrup mərhələsində yığma komandamızın üzvlərindən ən yaxşı göstərici Mariya Stadnikə məxsusdur. Komandamızın kapitanı keçirdiyi hər 3 görüşü qələbə ilə başa vurub. Yuliya Ratkeviç və İrina Netreba isə 3 görüşdən ikisində qələbə qazanıb.
Beləliklə, qrup görüşlərinin nəticələrinə görə, yığma komandamız digər qrupu 3-cü yerdə tamamlayan Ukrayna güləşçiləri ilə 5-ci yer uğrunda qarşılaşıb. Ümumi hesab 4:4 tamamlansa da, texniki göstəricilərə görə rəqibindən üstün olan yığma komandamız dünya kuboku yarışlarını 5-ci sırada tamamlayıb. Bu, qadın güləşi üzrə yığma komandamızın dünya kuboku yarışlarında ən yaxşı nəticədir. İndiyədək qadın güləşçilərimiz iki dəfə (2010-cu və 2012-ci illər) dünya kubokunda mübarizə aparıblar.