İDMAN
Taekvondo üzrə böyüklərdən və gənclərdən ibarət milli komandamız Polşada keçirilən beynəlxalq turnirdə ümumilikdə 16 medal qazanıb VİDEO
Bakı, 31 avqust, AZƏRTAC
Taekvondo üzrə Varşavada keçirilən ənənəvi “Polish Open” turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, G1 kateqoriyalı beynəlxalq turnirə 5 idmançı ilə qatılan Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisi 1 qızıl, 2 bürünc medal qazanıb. Yarışda 20 taekvondoçu ilə mübarizə aparan gənclərdən ibarət yığmamız isə 6 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə böyüklərin yarışında Sina Bəhrami (63 kq) və Səid Quliyev (74 kq) bürünc medal qazanıblar. Gənclərin mübarizəsində Fizam Mehdiyev (-55 kq), Zəlimxan Rəşidov (-63 kq) və Daria Şkurko (68+ kq) qızıl, Kamil Abdurazakov (-63 kq) gümüş, Əli Məmmədov (-55 kq), Zarema Şamxalova (-44 kq) və Ceren Özbək (-49 kq) isə bürünc medallara sahib olublar.
Yarışların birinci günündə gənclərin mübarizəsində İlham Əliyev (45 kq), İlayda Kardelen Çiftci (46 kq) və Qaşim Maqomedov (51 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cavid Məmmədov (-45 kq) və Gülsüm Gültəkin (59 kq) gümüş, Ələsgər Əliyev (68 kq) isə bürünc medala layiq görülüb. Böyüklərin yarışında ilk Avropa Oyunlarının qalibi Milad Beigi Harçeqani (80 kq) qızıl medala yiyələnib. Gənclərdən ibarət millimiz komanda hesabında birinci yerə layiq görülüb.
Beləliklə, Azərbaycanı Polşadakı beynəlxalq turnirdə təmsil edən idmançılarımız 7-si qızıl, 3-ü gümüş və 6-sı bürünc olmaqla, ümumilikdə 16 medalla Vətənə qayıdacaqlar.
İdmançılarımız beynəlxalq yarışa, böyüklərdən ibarət komandamızın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov, eləcə də gənclərdən ibarət yığmamızın baş məşqçisi Mamed Abdullayev, böyük məşqçi Zahid Məmmədov və məşqçi müəllim Vurğun Cəfərovun rəhbərliyi ilə yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komandanı müşayiət edib.
Hakim qismində ölkəmizi Azərbaycan Taekvondo Federasiyasının hakimlər komitəsinin sədri, baş hakim Elşən Quliyev təmsil edib.