MƏDƏNİYYƏT
Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabı ABŞ-da “Living Now Book Awards” mükafatına layiq görülüb VİDEO
Vaşinqton, 13 sentyabr, AZƏRTAC
ABŞ-da yaşayan azərbaycanlı Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) kitabı “Etnik mətbəx/bayram yeməkləri /ixtisaslaşdırılmış çeşidlər” kateqoriyasında “Living Now Book Awards”ın gümüş mükafatını qazanıb. Bu, Azərbaycan mətbəxi haqqında ilk kitabdır ki, “Living Now Book Awards” mükafatına layiq görülüb.
Ötən ilin oktyabrında oxuculara təqdim edilmiş “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabı ingilis dilində Azərbaycan mətbəxinə aid ilk sanballı nəşrdir. 336 səhifədən ibarət kitab oxuculara 200 ləzzətli qəlyanaltı, salat, şorba, xəmir, ət, tərəvəz yeməkləri, yumurtadan hazırlanmış yeməklər, plov növləri, içki və desert reseptləri təklif edir. Kitaba Fəridə Buyuranın populyar “azcoookbook.com” bloqundan seçmə reseptləri də daxildir.
Bundan başqa, nəşrdə Azərbaycanın mədəniyyəti, mətbəxi və bayramları ilə bağlı hekayələr və atalar sözlərinə də yer ayrılması kitaba bənzərsiz kolorit verir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton