Azərbaycan telekanalının səyahət verilişi Rusiya mediasında VİDEO
Xaçmaz, 28 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Rusiya Federasiyasının Həştərxan vilayətində çəkiliş aparan Azərbaycanın “Region” TV telekanalının “Buralar” verilişi yerli medianın diqqətini özünə çəkib.
AZƏRTAC xəbər verir ki, Həştərxan şəhərindən yayımlanan “Astraxan 24” telekanalı tamaşaçılarına “Region” TV-nin səyahət proqramı haqqında reportaj təqdim edib. Videomaterialda proqramın mahiyyəti, çəkiliş prosesi və aparıcılar haqqında ətraflı məlumat verilib.
“Astraxan 24” telekanalının videoreportajında qeyd olunub ki, “Region” TV-də yayımlanan “Buralar” verilişi ilk mövsümdə yalnız Azərbaycanın bölgələrində çəkilişlər aparıb. Bu telemövsümdən isə çəkiliş qrupu ölkə xaricindən də verilişlər təqdim edəcək. İlk belə veriliş Həştərxan şəhəri haqqında hazırlanıb. Videoreportajda çəkiliş qrupunun tarixi yerlərlə yanaşı, şəhərin müasir gözəlliklərini də tamaşaçılara təqdim etdiyi bildirilib.
Qeyd edək ki, 2014-cü ildən yayımlanan “Astraxan 24” telekanalı tamaşaçılara 24 saat ərzində HD formatda xəbər proqramları təqdim edir.