MƏDƏNİYYƏT
Azərbaycan Pekində xeyriyyə sərgi-yarmarkasında təmsil olunub VİDEO
Pekin, 13 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının paytaxtı Pekində “Sevgi sərhəd tanımır” adlı xeyriyyə sərgi-yarmarkası keçirilib. Tədbirin keçirilməsi müxtəlif ölkələrin milli mədəniyyətlərinə aid suvenirlərin, rəsm əsərlərinin, yemək nümunələrinin satışından əldə edilən pul vəsaitlərinin təhsilə dəstəyə yönəldilməsi məqsədi daşıyıb.
Sərgi-yarmarkada 100-dən çox diplomatik nümayəndəlik və beynəlxalq təşkilat iştirak edib.
Azərbaycan səfirliyinin hazırladığı pavilyonda ölkəmizə aid müxtəlif suvenirlər, markalar, şərab növləri, milli ornamentli, eləcə də birinci Avropa Oyunlarına həsr edilən xalçalar, müxtəlif şirniyyatlar, milli mətbəximizin təamları, o cümlədən bir neçə növ plov, qutab, meyvə şirələri və şərbət təqdim olunub.
Açılış mərasimində çıxış edənlər tədbirin hər il vacib bir mövzunu əhatə etdiyini deyiblər.
Sonra Çinin xarici işlər naziri Van İ bir neçə ölkənin pavilyonuna, o cümlədən Azərbaycan pavilyonuna baş çəkib.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov xarici işlər naziri Van İyə milli pavilyonda nümayiş olunan xalçalarımız, şərablar, suvenirlər haqqında ətraflı məlumat verib. Azərbaycan paxlavasının və şərbətinin dadına baxan nazir Van İ pavilyonumuza yüksək qiymət verib, tədbirdə iştiraka görə təşəkkür edib.
Azərbaycan pavilyonuna yarmarka iştirakçılarının və yerli sakinlərin marağı böyük olub. Milli mətbəximizin sevilən yeməyi olan plov və şərbət isə xüsusilə diqqət çəkib. Azərbaycan plovunu dadmaq istəyənlər növbəyə dayanıblar.
Gün ərzində davam edən yarmarka zamanı yığılan vəsait Çinin Yunnan əyalətində kənd müəllimlərinə maddi dəstək üçün yaradılan fonda köçürülüb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin