REGİONLAR
Qusarlı gəncin incə zövqü muncuqlara yeni həyat verir VİDEO
Qusar, 28 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusarın Əniq kənd sakini Leyla Qayıbova qeyri-adi bacarığı sayəsində hazırladığı əl işləri ilə çoxlarının marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, 22 yaşlı istedadlı gənc gips və kiçikölçülü muncuqlardan istifadə etməklə, dekorativ tətbiqi sənət nümunələri yaradır. Onun ən diqqətçəkən əl işləri müxtəlif fəsilləri özündə əks etdirən ağac fiqurlarıdır.
İndiyədək 50-dən artıq tətbiqi sənət nümunəsi yaradan Leyla Qayıbova bir əl işinin hazırlanmasına təxminən 5-10 gün vaxt sərf edir. Gəncin daha uzun müddətə başa gələn mürəkkəb quruluşlu dekorativ sənət nümunələri də var.
Leyla Qayıbovanın bacarığı bununla bitmir. O, müxtəlif köhnə əşyaları xüsusi formada bəzəməklə, onları çox gözəl aksessuara çevirir.
İstedadlı gəncin dekorativ tətbiqi sənət nümunələri hazırda Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə nümayiş etdirilir.