REGİONLAR
Mədəniyyət və turizm naziri Xırdalanda vətəndaşları qəbul edib VİDEO
Xırdalan, 6 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 6-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron, Xızı, həmçinin Qubadlı, Zəngilan və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.
Əvvəlcə Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad olunub.
Sonra nazir Xırdalandakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında həyata keçirilən tikinti-quruculuq işləri ilə tanış olub, parkın ərazisində yerləşən Bayraq meydanı, “Park Abşeron” əyləncə mərkəzi, Xırdalan şəhər uşaq musiqi məktəbi və Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Mədəniyyət ocaqlarının fəaliyyəti, burada yaradılan şərait barədə nazirə məlumat verilib.
Əbülfəs Qarayev Heydər Əliyev Mərkəzi ilə də tanış olub, burada yaradılan fotoekspozisiyaya baxıb.
Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən, tarix və mədəniyyət abidələrinin qorunması, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təmiri, fəxri adların verilməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.
Qəbulda 30-dək vətəndaş iştirak edib. Nazir Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinləyib, onların müraciət və təkliflərinin həll olunması üçün müvafiq göstərişlər verib.