Azərbaycanın ilk peşəkar region televiziyası 8 yaşında VİDEO
Xaçmaz, 14 noyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın ilk peşəkar region televiziyası olan RTV (Region TV) 8 yaşını qeyd edir.
AZƏRTAC xəbər verir ki, 2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma start verən RTV qısa müddətdə ölkə mediasında peşəkar fəaliyyəti ilə nüfuz qazanmağı bacarıb. Respublikanın şimal regionunda yayımlanan televiziya kanalı Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı rayonlarını əhatə edir. Quba rayonunun Dağlı kəndi və Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində yerləşdirilən ən son model teleötürücülər regionda keyfiyyətli yayım həyata keçirməyə imkan verir. Paralel olaraq televiziya www.rtv.az saytı vasitəsilə onlayn yayım da həyata keçirir.
Ötən il may ayının 10-dan etibarən RTV-nin bir sıra proqramları Qafqazın ən böyük teleşəbəkəsi olan “Region TV” vasitəsilə dünyaya yayımlanır.
Bölgədə yaşayan insanları dolğun informasiya, zövqlü televiziya proqramları ilə təmin etməyi qarşısına məqsəd qoyan RTV-nin kollektivi uzun illərin televiziya təcrübəsinə malik peşəkar kadrlarla yanaşı, həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. Televiziyada 100-ə yaxın əməkdaş çalışır. Onların 90 faizi regionu təmsil edir. Yerli gənclər RTV-nin təlim-tədris bazasında televiziya işinin sirlərini öyrənirlər. Televiziyanın əməkdaşları ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniyada təcrübə keçiblər.
RTV Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara imza atıb. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. Xəbərlər, Sosial-İctimai Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə “Media açarı - 2010” mükafatına layiq görülüb. Televiziyada hazırlanan videoçarxlar “Azərbaycan ailəsi-2011”, “Azərbaycan ailəsi-2015” film festivallarında qalib olub. Bununla yanaşı, televiziya dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb.
Televiziyanın gün boyu efirində regionlarda baş verən ictimai-mədəni hadisələr, idman yarışları, həyata keçirilən sosial-iqtisadi layihələr, abadlaşan və inkişaf edən kəndlərimiz, uzun müddət efirlərdən uzaq qalan regionların istedadlı insanları haqqında dolğun proqramlar yer alır.
RTV Azərbaycanda daxili şəbəkəsi rəqəmsal texnologiya ilə təchiz olunan ilk televiziya kanalıdır.