MƏDƏNİYYƏT
Nyu-Yorkda ilk dəfə “Qafqaz irsi” festivalı təşkil edilib VİDEO
Vaşinqton, 17 may, AZƏRTAC
Nyu-York şəhərində, Bruklinin “Master” Teatrı binasında birinci “Qafqaz irsi” festivalı keçirilib. Festival Bruklin meri Erik Adams və Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunub.
Festivalın təntənəli açılış mərasimi zamanı “Master” Teatra toplaşmış iki minədək tamaşaçını salamlayan Erik Adams bu tədbirin böyük önəmindən danışıb, bu tarixi təşəbbüsün reallığa çevrilməsində müstəsna xidmətlərinə görə Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozentala, həmçinin “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkürünü bildirib.
Bruklini Amerikanın Bakısı adlandıran E.Adams burada bir çox mədəniyyətin təmsilçilərinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını deyib.
Sonra mer E.Adams tərəfindən imzalanmış rəsmi bəyanatlar oxunub. Sənədlərdə Birinci “Qafqaz irsi” festivalının keçirilməsinə dəstək qeyd olunur, bu tədbirin Nyu-York və Bruklinin mədəni inkişafına töhfəsi vurğulanır. Bruklin-Bakı Dostluq Assosiasiyası və “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinə xüsusi təşəkkür ifadə edilir, onların fəaliyyəti alqışlanır, festivalın Bruklin ilə Bakı arasında münasibətlərə müsbət töhfəsi qeyd olunur. Eyni zamanda, bəyanatlarda hər ilin may ayı Bruklində “Qafqaz irsi ayı” elan edilir.
Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozental çıxış edərək festivalın keçirilməsinə verdikləri dəstəyə görə E.Adamsa, Azərbaycan hökumətinə, o cümlədən ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən siyasi xadimlər və Nyu-York Ştatı Assambleyasının (qanunverici orqan) üzvləri belə təşəbbüsün Bruklin üçün böyük bayram olduğunu, bunun ənənəvi hal alacağına əminliklərini ifadə ediblər.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov festivalı tarixi hadisə adlandıraraq bildirib ki, bu, Vətəndən uzaqda olan istedadlı uşaq və gənclərin öz doğma mədəniyyətini qoruması, yaşatması və tanıtması baxımından gözəl bir imkandır. O qeyd edib ki, Azərbaycan tarix boyu tolerantlıq və sülh məkanı kimi tanınıb. Ölkə rəhbərliyi multikulturalizm və mədəniyyətlərarası dialoqa çox böyük diqqət yetirir. Bu kontekstdə diplomat BMT-nin Sivilizasiyalar Alyansının növbəti forumunun Bakıda böyük uğurla keçirildiyini xatırladıb və Bruklin meri E.Adamsa burada yaşayan Azərbaycan icmasına göstərdiyi diqqətə görə təşəkkür edib.
Festivalda “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzi, “Pesvebi” gürcü mədəniyyət mərkəzi, “İberians” rəqs ansamblı və “Crane Musiqi Teatrı”nın yetirmələri Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər. Müğənni Rüfət Axundovun ifasında “Azərbaycan” mahnısı və “Səs Azərbaycan” musiqi müsabiqəsinin iştirakçısı Orxan Ağayevin ifasında “Sarı gəlin” Azərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton