Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin qonağı olub VİDEO
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadəyə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şeyla Heydərova açaraq görkəmli bəstəkarın Azərbaycan musiqi sənətinə töhfələrindən, ölkəmizi dünyada tanıdan yaradıcılığından danışıb. Qeyd edib ki, Firəngiz Əlizadə bir çox nüfuzlu mükafatlara və fəxri adlara, o cümlədən “Əməkdar İncəsənət Xadimi”, “Xalq Artisti” fəxri adlarına, “UNESCO-nun Sülh artisti” fəxri tituluna layiq görülüb, habelə “Şöhrət” ordeni ilə təltif edilib. Bəstəkarın bir sıra nüfuzlu festival, konsert, forumların təşkilatçısı və bədii rəhbəri kimi xidmətləri də diqqətəlayiqdir.
Şeyla Heydərova bəstəkarın yaradıcılığında janr müxtəlifliyini, xüsusilə violonçel üçün yazdığı “Habilsayağı”, “Aşk havası”, “Oyan!”, “Yanar dağ” əsərlərini, habelə “İntizar” operasını vurğulayıb.
“Firəngiz Əlizadənin əsərlərində Şərq və Qərb musiqisinin sintezi hiss olunur. Bu səbəbdən də onun əsərlərini bütün dünyada başa düşür və sevirlər. Bəstəkarın ən məşhur əsərlərindən biri violonçel və simfonik orkestr üçün konserti - “Mərsiyə” əsəridir. Dünyanın möhtəşəm konsert salonlarında səsləndirilən bu əsər dövlət mükafatı üçün təqdim edilib”, - deyə muzeyin direktoru bildirib.
Şeyla Heydərova tədbir iştirakçılarına Firəngiz Əlizadə və Mstislav Rostropoviçin dostluq və yaradıcılıq əlaqələrindən danışıb, onun maestroya həsr etdiyi “Oyan!” əsəri barədə məlumat verib.
Sonra Firəngiz Əlizadənin həyat və yaradıcılığından bəhs edən sənədli filmdən maraqlı kadrlar nümayiş olunub.
Tədbirdə Əməkdar İncəsənət Xadimi, professor Həcər Babayeva, musiqişünas və jurnalist Raya Abbasova çıxış edərək Firəngiz Əlizadənin böyük sənətindən danışıb, onu Azərbaycanın novator bəstəkarı adlandırıblar. Çıxış edənlər Firəngiz Əlizadənin yaradıcılığının gənc nəslin formalaşmasında böyük rolu olduğunu vurğulayıblar.
Tədbirdə “Mərsiyə” əsərinin dünyanın tanınmış musiqiçiləri və orkestrlərinin ifasında yazılmış videokadrları nümayiş etdirilib.
Sonda çıxış edən Firəngiz Əlizadə bu əsəri barədə məlumat verib, tədbirin təşkilinə və onun haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirib.