AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜÇ ÜZVÜ MDB PA-NIN “SODRUJESTVO” ORDENİ İLƏ TƏLTİF OLUNMUŞDUR
Xəbər verildiyi kimi, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyanın növbəti iclasında iştirak etmək üçün mayın 30-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə gəlmişdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, şəhərin Pulkovo-1 hava limanında nümayəndə heyətimizi MDB PA Şurasının baş katibi Mixail Krotov, ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, MDB Parlamentlərarası Assambleyada Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılamışlar.
Azərbaycan parlament nümayəndə heyətinin tərkibinə deputatlardan Arif Rəhimzadə, Əli Hüseynov, Rafael Hüseynov, Fəzail Ağamalı, Adil Əliyev, Elton Məmmədov, Cəmil Həsənli, Ülvi Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Mayın 30-da Azərbaycan parlament nümayəndə heyəti MDB PA-nın 15 illiyi münasibətilə keçirilən bir sıra təntənəli mərasimlərdə iştirak etmişdir.
Mayın 31-də Sankt-Peterburqun Tavriya sarayında MDB PA Şurasının 28-ci ümumi iclası öz işinə başlamışdır. İclası Rusiya Federasiyası Federasiya Şurası Federal Məclisinin sədri Sergey Mironov açaraq iştirakçıları bu qurumun 15 illik yubileyi münasibətilə təbrik etmiş və Assambleyanın fəaliyyəti barədə məlumat vermişdir.
İclasda Milli Məclisin sədri Oqtay Əsədov çıxış etmişdir. Oqtay Əsədov qeyd etmişdir ki, SSRİ dağıldıqdan sonra postsovet ölkələri arasında bütün əlaqələr qırılmışdır. Amma bu ölkələri iqtisadi, ticarət, mədəni və digər sahələrdə əlaqələndirə bilən bir quruma ehtiyac var idi. Belə bir qurum 15 ildir ki, fəaliyyət göstərən Müstəqil Dövlətlər Birliyidir. Bu birliyin ayrı-ayrı qurumları, o cümlədən Parlament Assambleyası da uğurla fəaliyyət göstərməkdədir.
Milli Məclisin sədri təşkilatın beynəlxalq miqyasdakı rolu, üzv ölkələrin həyatındakı mövqeyi, beynəlxalq proseslərə təsiri və digər məsələlər barədə fikirlərini söyləmişdir. Oqtay Əsədov Azərbaycan ilə MDB PA arasında əlaqələrin yüksək qarşılıqlı anlaşma şəraitində inkişafından danışmışdır. Təşkilata üzv ölkələrin ərazi bütövlüyü məsələsinə toxunan Oqtay Əsədov, bu qurum çərçivəsində bir ölkənin digərinə ərazi iddiasının, təcavüzünün yolverilməz olduğunu xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, bu cür hallar təşkilatın fəaliyyətinə kölgə salır və onun işinə mane olur. Milli Məclisin sədri bu hallara qarşı barışmaz mövqe nümayiş etdirməyin vacibliyini bildirmişdir.
Tədbirdə ölkəmiz üçün ən maraqlı məqamlardan biri Azərbaycan nümayəndə heyətinin üç üzvünün MDB PA-nın “Sodrujestvo” ordeni ilə təltif olunması olmuşdur.
Azərbaycan parlamentinin deputatları Əli Hüseynov, Fəzail Ağamalı və Milli Məclisin İşlər müdiri Firudin Hacıyev MDB ölkələri arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində göstərdikləri fəaliyyətə görə bu ali mükafata layiq görülmüşlər.
Tavriya sarayında MDB-yə üzv olan ölkələrin uşaqlarının əl işlərindən ibarət “Dünya uşaqların gözü ilə” adlı rəsm sərgisi təşkil olunmuşdur. Azərbaycan bu sərgidə fəal iştirak etmişdir.
İyunun 1-də Milli Məclisin sədri Oqtay Əsədov “Mədəniyyətlərarası və dinlərarası dialoq” mövzusunda Avropa əməkdaşlıq məsələlərinə dair beynəlxalq konfransda iştirak etmişdir. Azərbaycan parlament nümayəndə heyətinin üzvləri konfransın ayrı-ayrı bölmələrinin işində təmsil olunmuşlar.