REGİONLAR
Abşeron Milli Parkında məktəblilərə açıq dərs keçirilib
Xırdalan, 10 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalanlı məktəblilər üçün Abşeron Milli Parkında açıq dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Məktəblinin dostu” layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşıb. Ekoloji maarifləndirmə məqsədilə təşkil edilən açıq dərsdə Xırdalan şəhərindəki 2 və 9 saylı orta məktəblərin şagirdləri iştirak ediblər.
Açıq dərsdə şagirdlərə milli parkın yaradılmasının məqsədi, yarımadanın təbii-coğrafi relyefi, flora və faunası, dəniz ekosistemi barədə məlumat verilib, təbiətin, ətraf mühitin qorunmasının zəruriliyi vurğulanıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qırxdan çox məktəblinin qatıldığı açıq dərs milli parkdakı turist marşrutları üzrə gəzinti ilə başa çatıb.