MƏDƏNİYYƏT
Əfsər Cavanşirovun xatirə gecəsi keçirilmişdir
Bakı, 8 noyabr (AzərTac). Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Əfsər Cavanşirovun 80 illik yubileyinə həsr edilən xatirə gecəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığından danışmışdır.
1930-cu il noyabrın 8-də Füzuli rayonunun Horadiz kəndində anadan olan Əfsər Cavanşirov Bakı Musiqi Texnikumunu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olmuş, 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirmişdir. Görkəmli bəstəkar elə həmin il Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri təyin olunmuşdur.
Azərbaycanda tamaşaçıların böyük məhəbbətini qazanmış «Bənövşə» uşaq xorunda müxtəlif illərdə Xalq Artistləri Xuraman Qasımova, Flora Kərimova, Mələkxanım Eyyubova, Əməkdar Artistlər Firuzə İbadova, Azərin kimi neçə-neçə istedadlı vokalçı və xanəndə yetişmişdir. Məhz buna görə də Əfsər müəllimi elə gəncliyindən “uşaqların maestrosu” adlandırırdılar.
Təbirdə “Bənövşə” uşaq xorunun ifasında bəstəkarın “Mübarək”, “Heydər babamız”, “Oyun oyuncaqlarım”, “Qurban olum”, “Olmasın” və digər mahnıları səslənmişdir.