ELM VƏ TƏHSİL
Ahıska türkləri BSU-da vətənpərvərlik ruhunda mahnı və şeirlər səsləndiriblər
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Mutikulturalizm ili” çərçivəsində Bakı Slavyan Universitetində (BSU) Ahıska Türklərinin Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə universitetin rektoru, professor Asif Hacıyev Ahıska türkləri barədə məlumat verib. Onların adət və ənənəsi, folkloru, mədəniyyəti haqqında danışan rektor Ahıska türklərinin tarixindən söz açıb. Bildirilib ki, 1944-cü ildə Stalinin əmri ilə Ahıska türkləri öz vətənlərindən didərgin salınaraq sürgün ediliblər. Rektor tarixin ağır sınaqlarından qəhrəmancasına çıxan Ahıska türklərinin ötən əsrin 50-ci illərinin sonlarında Azərbaycanın bir sıra bölgələrində məskunlaşdıqlarını qeyd edib. A.Hacıyev ulu öndər Heydər Əliyevin hər zaman Ahıska türklərinə diqqət göstərdiyini, onların Azərbaycanda ali təhsil almalarına, ölkənin iqtisadi, mədəni həyatında iştiraklarına geniş şərait yaratdığını vurğulayıb. Ahıska türklərinin həmin dövrdən etibarən öz qədim mədəniyyətini və folklorunu qoruyaraq inkişaf etdirdiklərini bildirib.
Tədbirdə çıxış edən Ahıska türklərinin nümayəndələri soydaşlarının çətin günlərində onlara dayaq olan ümummilli lider Heydər Əliyevə, Prezident İlham Əliyevə və bütövlükdə Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər. Natiqlər Qarabağ uğrunda döyüşlərdə şəhid olan hərbçilərimizin yaxınlarına başsağlığı veriblər. Erməni qəsbkarlarını ifşa edən şeirlər, Ahıska şivəsində vətənpərvərlik ruhlu mahnılar səsləndirən şairlər Azərbaycan ordusuna uğurlar arzulayıb, onlarla birlikdə düşmənə qarşı döyüşə hazır olduqlarını deyiblər.
Sonra tələbələrin sualları cavablandırılıb.
Bakı Slavyan Universiteti tərəfindən qonaqlara sertifikatlar təqdim edilib.
Ahıska türklərinin nümayəndələri BSU-nun Türkiyə araşdırmaları mərkəzi ilə tanış olublar.