İDMAN
Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika turnirinin birinci gününün qalibləri müəyyənləşib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş memorialın birinci gününün qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən turnirdə 18 yaşdan yuxarı olan oğlanlar və qızlar atletikanın bütün növləri üzrə mübarizə aparırlar. Yarışlarda paytaxt klubları ilə yanaşı, bölgə idmançıları iştirak edirlər.
Turnirin birinci günündə oğlanlar arasında üçtəkanla tullanma yarışında azərbaycanlı atlet Rüstəm Məmmədov və nüvəitələmədə İsmayıl Əliyev qalib adını qazanıblar. Qızların yarışında isə üçtəkanla tullanmada Yekaterina Sarıyeva, nüvəitələmədə Səkinə Hacızadə birinci yerə layiq görülüblər.
Oğlanlar arasında qaçış yarışlarında Aleksey Əliəkbərov (100 m), Allahqulu Hüseynov (400 m) və Vahid Kərimov (1500 m) birinci olublar. Qızların mübarizəsində isə Viktoriya Çerniyenko (100 m), Lamiyə Vəliyeva (400 m) və Səmayə Hacıyeva (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunublar.