Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı işə başlayıb YENİLƏNİB
Bakı, 5 fevral, AZƏRTAC
Fevralın 5-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak edirlər.
Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Reqlamentə uyğun olaraq, qurultayın gündəliyi təsdiq edilib və rəhbər orqanlarının - rəyasət heyətinin, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Səttar Möhbalıyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubuna və həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün təltif olunması barədə sərəncamlar imzalamasına görə AHİK-in üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Sonra Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və digər qonaqlar çıxış edərək təbriklərini çatdırıblar.
AHİK-in sədri, Milli Məclisin deputatı S.Möhbalıyev hesabat məruzəsi ilə çıxış edib.