MƏDƏNİYYƏT


Azərbaycan UNESCO-da Beynəlxalq Frankofoniya Günündə təmsil olunub VİDEO

Paris, 22 mart, AZƏRTAC

UNESCO yanında frankofon səfirlər qrupu qurumun mənzil-qərargahında Beynəlxalq Frankofoniya Günü ilə əlaqədar birgə tədbir keçiriblər.

AZƏRTAC xəbər verir ki, frankofoniya tədbirində UNESCO-ya üzv olan 42 ölkə iştirak edib. Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi həmin tədbirə müşahidəçi qismində qatılıb.

Ölkəmiz tədbirdə XIX əsrdə Şuşada yaşamış Azərbaycan şairi və rəssamı Xurşidbanu Natəvanın “Gül dəftəri”ndən üç rəsm əsəri sərgiləyib.

Səddam Novruzbəyov balaban və zurnada, İqnasio Naon udda və Neşet Kutas nağarada “Ay Laçın” və “Sarı gəlin” Azərbaycan xalq mahnılarını səsləndiriblər. Həmçinin tədbir iştirakçıları UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan hazırlama və paylaşma ənənəsi kimi daxil edilmiş dolma və qutaba qonaq ediliblər.

Oyanış, gözəllik, təravət, bolluq və birliyi əks etdirən Novruz bayramının rəmzlərindən olan paxlava və şəkərbura Azərbaycan stendinin ziyarətçilərinə təqdim olunub. Həmişə olduğu kimi Azərbaycan milli musiqi və mətbəxi böyük rəğbətlə qarşılanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.