İQTİSADİYYAT
Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi olub
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan startapı qlobal innovasiya mükafatının qalibi olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) AZƏRTAC-a bildirilib ki, beynəlxalq “ITU Telecom World” sərgi-konfransı azərbaycanlı startapçılar üçün yüksək nəticələrlə yadda qalıb.
Sərgidə ölkəmizə məxsus pavilyonda öz yeniliklərini təqdim edən NRYTN yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alan “CustomAR” şirkəti və nazirliyin Yüksək Texnologiyalar Parkının rezidenti olan “IQREX” startap layihəsi müsbət nəticələr əldə edib.
Sərgi çərçivəsində dünya ölkələri arasında keçirilən Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının qalibi Cəlal Rəhimovun “IQREX” startap layihəsi olub.
Yarışda Yaponiya, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin innovativ layihələri yarışıb.
Yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir.
Qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.
Müsabiqəyə təqdim edilən layihələr genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual və artırılmış reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi genişspektrli sahələri əhatə edib.
Qlobal yarışın qalibi olan “IQREX” layihəsi - QR kod vasitəsilə orijinal məhsulların qeyri-orijinallardan fərqini müəyyənləşdirir.