CƏMİYYƏT


Azərbaycanda ilk dəfə olaraq Dünya Robot Olimpiadasının seçim yarışı keçiriləcək

Bakı, 20 sentyabr, AZƏRTAC

“Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyi və Azərbaycan Robototexnika və Mühəndislik Akademiyası (AREA) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə oktyabrın 7-8-də Bakı Olimpiya İdman Kompleksində ilk dəfə olaraq Dünya Robot Olimpiadası üzrə seçim yarışı keçirəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda 8-19 yaşlı gənclər robot futbolu (hər biri iki robotdan ibarət komandaların yarışı) qaydalarına əsasən mübarizə aparacaqlar. Həmçinin açıq kateqoriya üzrə iştirakçılar müxtəlif mövzulara həsr olunmuş ideyalarını və robotik layihələrini sərgiləyəcəklər. Əsas kateqoriya üzrə iştirakçılar üç yaş qrupu üzrə Dünya Robot Olimpiadasının məsələlərini həll etməyə çalışacaqlar.

Yarışda qalib gələn komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, həmçinin noyabrın 10-12-də Kosta-Rikada keçiriləcək Dünya Robototexnika Olimpiadasının finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

Yarışda iştirak üçün Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Zərifə Əliyeva adına lisey, Kaspi liseyi, Bakı Modern Məktəbi, İstək liseyi, “Step IT” akademiyası və “ABC College” liseyinin komandaları qeydiyyatdan keçiblər.

Azərbaycan 2016-cı ilin noyabrında Dünya Robot Olimpiadası Assosiasiyasına üzv olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.