İQTİSADİYYAT


“Azəri-Çıraq-Günəşli”dən neft hasilatı 3,8 milyard barrelə çatıb

Bakı, 13 avqust, AZƏRTAC

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,8 milyard barrelə (500 milyon tondan çox) çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.

Qeyd edək ki, cari ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 91 milyon barrel, yəni 12 milyon tondan çox olub. İkinci rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Yarım ildə AÇG-dən ümumi hasilat – “Çıraq” (38 min), “Mərkəzi Azəri” (123 min), “Qərbi Azəri” (122 min), “Şərqi Azəri” (66 min), “Dərinsulu Günəşli” (96 min) və “Qərbi Çıraq” (53 min) platformalarından birgə gündəlik orta hesabla 498 min barrel olub.

Rübün sonuna AÇG-də ümumilikdə 129 neft hasilat, 42 su və 7 qaz injektor quyusu istismarda olub. İlin birinci yarısında blokda 8 neft hasilat quyusu qazılıb.

Yanvar-iyun aylarında AÇG layihəsinə təqribən 268 milyon dollar əməliyyat və 947 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, “TPAO” 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.