Komitə sədri: Tibb işçilərinin maddi rifahının artırılması tibbi xidmətin keyfiyyətini yüksəldəcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanda səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əmək haqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Bu sosial xarakterli qərar olmaqla yanaşı həm də Azərbaycan səhiyyəsində insan kapitalına qoyulan sərmayədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.
O qeyd edib ki, əməkhaqqının artırılması zamanı iş yükü, ixtisas və regionlarda mövcud kadr ehtiyacı nəzərə alınaraq diferensial yanaşmanın tətbiqi həkimlərin motivasiyasına, peşəkar kadrların sistemdə saxlanmasına və regionlara cəlb edilməsinə müsbət təsir göstərə bilər. O cümlədən, regionlarda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yeksəldilməsinə səbəb olacaq. Bir sözlə tibb işçilərinin əmək haqlarının artırılması siyasəti, eyni zamanda, vətəndaşa göstəriləcək tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə yönəlib.
“Son illər Azərbaycanın səhiyyə sistemində mərhələli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasətin başlıca prioritetlərindən biri səhiyyə sisteminin əhalinin sağlamlığının qorunmasındakı rolunun daha da gücləndirilməsi, bu sistemin qabaqcıl dünya təcrübəsi əsasında daha təkmil, çevik və səmərəli mexanizmlər üzərində qurulmasıdır. Bu siyasətin ardıcıl icrası, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyənin inkişafına xüsusi diqqəti sayəsində tibb infrastrukturunun müasir tələblərə uyğun modernləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətlərində mühüm nailiyyətlər əldə olunub”, - deyə akademik qeyd edib.
O bildirib ki, dövlətin prioritet elan etdiyi sahələrdən olan səhiyyə sistemində əhaliyə əlçatan və keyfiyyətli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun artırılması üçün atılan addımlar, aparılan islahatlar davamlı xarakter daşıyır.
“TƏBİB-in idarəetməsi ilə bağlı yeni yanaşma klassik dövlət idarəetməsindən fərqli olaraq, daha çox modern və praqmatik idarəetmə modelinə yaxınlaşmanı göstərir. Mərkəzdə insan faktoru və onun həyat şəraitinin yaxşılaşdırılması durur. İdarəetmə sisteminin optimallaşdırılması, maliyyə və xidmət funksiyalarının ayrılması, TƏBİB-in gücləndirilməsi və vətəndaşyönümlü xidmət modelinə keçid də məhz buna hesablanıb. Bir sözlə, islahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir”, - deyə komitə sədri əlavə edib.