Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 2 sentyabr, AZƏRTAC
Qəhvəyi mərmər bağacığı ilə bağlı payız dövründə görüləcək tədbirlərin və əsas fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə Göygöl rayonunda İşçi qrupun iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Gəncə və Naftalan şəhəri, Göygöl, Samux, Daşkəsən rayon icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələri və mütəxəssisləri iştirak ediblər.
İclasda zərərvericinin ölkədə və regionda yayılma vəziyyəti və mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, mübarizə tədbirləri mövsümi xüsusiyyətlər nəzərə alınmaqla mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə əsas fəaliyyət istiqamətlərindən biri əhali arasında zərərvericiyə qarşı mexaniki mübarizə üsullarının təbliği və bu üsulların tətbiqi ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsidir. Bu məqsədlə nümayəndəliklər və kənd ərazi dairələri tərəfindən əhali arasında maarifləndirici işlərin aparılması, zərərvericinin aşkarlandığı ərazilər barədə məlumatların aidiyyəti qurumlara operativ şəkildə təqdim edilməsi vacibdir.
Tədbirdə, həmçinin ölkəyə daxil olan yük avtomobillərinə, o cümlədən digər nəqliyyat vasitələrinə sərhəd keçid məntəqələrində nəzarətin həyata keçirilməsi, eləcə də ölkədə daşınan yüklərə fitosanitar nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Payız mövsümünün yaxınlaşması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin aidiyyəti qurumlarla birgə müəyyənləşdirilməsinin və aşkarlanmış qışlama ocaqlarında müvafiq tədbirlərin görülməsinin qarşıda duran əsas vəzifələrdən olduğu vurğulanıb.
İclasda digər zərərvericilərə dair mövcud vəziyyət və aparılan fitosanitar tədbirlər barədə də məlumat verilib. Aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, monitorinq nəticələrinin operativ paylaşılması və aşkar edilmiş hallara çevik reaksiya verilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.