Faiq Ələkbərli: “Qızıl alma” ideyası türk düşüncəsində ədalət və sülh anlayışı ilə bağlıdır
Bakı, 2 sentyabr, AZƏRTAC
Türk düşüncəsində “Qızıl alma” böyük bir idealı və arzulanan məqsədi ifadə edən anlayışlardan biridir. Tarixin müxtəlif mərhələlərində fərqli məna çalarları qazanan bu ideyanın əsasında ədalət, sülh və əmin-amanlıq dayanır. Türk xalqlarının tarix boyu formalaşan zəngin dünyagörüşünün mühüm xüsusiyyətlərindən biri də həm köçəri, həm də oturaq həyat tərzinin yaratdığı mədəni ənənələrdir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli AZƏRTAC-a açıqlamasında türk xalqlarının mədəniyyətində köçəri və oturaq həyatdan, eləcə də qədimdən bu günədək qorunan ortaq dəyərlərdən danışıb.
Alim bildirib ki, türk xalqlarının tarixindəki yerdəyişmələr təbii-coğrafi şərait və tarixi proseslərlə bağlı olub. Bununla yanaşı, bir sıra türk toplumları müəyyən ərazilərdə məskunlaşaraq oturaq həyat sürüb: “Türk xalqlarının tarixini yalnız köçəri mədəniyyət kimi xarakterizə etmək doğru deyil. Əslində, türk xalqları həm oturaq, həm də köçəri mədəniyyətə malik olublar”.
Köçəri həyat tərzi türk toplumlarının məişətinə, təsərrüfatına və gündəlik yaşamına özünəməxsus xüsusiyyətlər gətirib. Atçılıq, köç və səfərlə bağlı ənənələr zamanla mədəni irsin bir hissəsinə çevrilib. Oturaq həyat sürən türk toplumlarında isə şəhər mədəniyyəti, elm, sənət və dövlətçilik ənənələri inkişaf edib.

Fərqli yaşam tərzlərinə baxmayaraq, türk toplumlarını birləşdirən mənəvi dəyərlər də formalaşıb. F.Ələkbərlinin sözlərinə görə, qədim türk dünyagörüşündə ailə və toplum münasibətləri mühüm yer tutur: “Türk mədəniyyətində ailədə kişinin, qadının, uşaqların, eləcə də toplumda bəyin, hökmdarın və təbəənin öz yeri var. Qədim fəlsəfi düşüncədəki “ata atadır, oğul oğuldur, ana anadır, hökmdar xaqandır, təbəə rəiyyətdir” təsəvvürü hər kəsin ailədə və cəmiyyətdəki məsuliyyətini dərk etməsi ilə bağlıdır”.
Tarix boyu yunan, Roma, İslam və digər mədəniyyətlərlə təmaslar türk dünyagörüşünün inkişafına təsir göstərsə də, ailə, toplum, ədalət və qəhrəmanlıq kimi fundamental dəyərlər qorunub saxlanılıb.
Ortaq irsin mühüm nümunələrindən biri də ənənəvi xalq oyunlarıdır. Güləş, at yarışları, çövkən, oxatma və qılıncoynatma kimi idman növləri Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Anadolu, Krım və digər coğrafiyalarda bu gün də yaşadılır: “İstər at yarışları, istər güləş, oxatma və ya qılıncoynatma olsun – bu oyunların mahiyyəti müxtəlif türk xalqlarında demək olar ki, eynidir”.
Alim bu ənənələrin müasir dövrdə yaşadılmasının bariz nümunəsi kimi Dünya Köçəri Oyunlarını misal göstərib. Bildirib ki, müxtəlif ölkələrdən olan iştirakçılar Köçəri Oyunlarında əsrlərdən gələn ənənəvi idman növlərində yarışırlar. Bununla yanaşı, tədbir müxtəlif türk xalqlarının bir-birinə yaxın mədəni xüsusiyyətlərini də nümayiş etdirir.
Onun sözlərinə görə, köçəri və oturaq yaşayışın yanaşı inkişaf etdiyi bu zəngin tarix müxtəlif ənənələri, sosial münasibətləri və mənəvi dəyərləri özündə bir araya gətirir. Bu irsin yaşadılması türk xalqlarının keçmişlə bağlarının qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Müəllif- Lalə Minasazova