Engin Özer: Azərbaycan Avrasiyanın yeni geosiyasi düzənində oyunqurucu ölkəyə çevrilir
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilməsi, eyni zamanda, Mərkəzi Asiya ilə Avropa arasındakı ticarət yollarının mərkəzində yerləşməsi ölkənin geosiyasi əhəmiyyətini daha da artırıb. Azərbaycan uzun müddət Asiya ilə Avropa arasında körpü kimi qiymətləndirilirdi. Bu gün isə vəziyyət dəyişib. Azərbaycan həm Avropanın enerji təhlükəsizliyində söz sahibi olan ölkələrdən biridir, həm də Mərkəzi Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrinin mühüm mərkəzində yerləşir. Şimal–Cənub layihəsindəki rolu və Çinin ‘Bir kəmər, bir yol’ təşəbbüsü çərçivəsində mühüm qovşaq mövqeyində olması Azərbaycanın imkanlarını daha da genişləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk ekspert Engin Özer deyib.
E.Özer hesab edir ki, yaxın perspektivdə Azərbaycanın Avropa ilə əlaqələri, xüsusilə ticarət və enerji sahəsində əməkdaşlığı daha da inkişaf edə bilər. Türkiyə ilə strateji müttəfiqlik münasibətləri də bu prosesdə Azərbaycanın imkanlarını artıran mühüm amillərdən biridir.
“Azərbaycan Avropa ilə münasibətlərini daha da inkişaf etdirərək, xüsusilə enerji sahəsində əhəmiyyətli oyunçuya çevrilə bilər. Türkiyə ilə mövcud müttəfiqlik münasibətləri bu istiqamətdə Bakının imkanlarını genişləndirir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol qarşıdakı dövrdə daha da arta bilər. Azərbaycanın Qərblə münasibətlərinin inkişafı Rusiya ilə əməkdaşlığa və Şimal–Cənub layihəsinə mənfi təsir göstərməyəcək. Əksinə, Azərbaycanın müxtəlif istiqamətlər üzrə paralel siyasət yürütməsi ölkəyə daha geniş manevr imkanları yaradır. Azərbaycanın Qərblə münasibətlərinin inkişaf etməsi Rusiya ilə Hindistan arasında ticarət əlaqələrinin genişləndirilməsinə xidmət edən Şimal–Cənub layihəsində ölkənin rolunu zəiflətməyəcək. Əksinə, Azərbaycan müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarını qoruyaraq öz strateji əhəmiyyətini artırır. Azərbaycanın Çinlə inkişaf etdirdiyi münasibətlər Mərkəzi Asiya ilə ticarət əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu Orta Dəhlizin əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycanın Şərq–Qərb ticarət əlaqələrində mövqeyini də gücləndirəcək ”, – deyə türk ekspert diqqətə çatdırıb.
Engin Özer Azərbaycanın xarici siyasətində müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qurmasının ölkənin milli təhlükəsizliyi baxımından mühüm üstünlük yaratdığını bildirib. Qeyd edib ki, Azərbaycan bir tərəfdən Qərblə, digər tərəfdən Rusiya, Çin və region ölkələri ilə münasibətlərini inkişaf etdirir. Bu, Azərbaycana müxtəlif geosiyasi mərkəzlər arasında balans yaratmaq imkanı verir. Azərbaycan yalnız Mərkəzi Asiya daxilində qiymətləndirilə biləcək bir oyunçu deyil. İranla münasibətləri, Türkiyə vasitəsilə Qərb dünyası ilə qurduğu əlaqələr, Rusiya və Çinlə inkişaf etdirdiyi əməkdaşlıq ölkənin daha geniş geosiyasi sistemdə mühüm mövqe tutduğunu göstərir.
Onun fikrincə, Azərbaycanın yeni strateji konsepsiyası yalnız iqtisadi inkişaf baxımından deyil, həm də uzunmüddətli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Müxtəlif nəqliyyat, enerji və ticarət layihələrində iştirak ölkəyə iqtisadi imkanlarını şaxələndirmək, xarici tərəfdaşlarının dairəsini genişləndirmək və mümkün geosiyasi risklərə qarşı dayanıqlılığını artırmaq imkanı verir.
“Azərbaycanın həyata keçirdiyi bu siyasət uzunmüddətli təhlükəsizlik strategiyası formalaşdırmaqla yanaşı, ölkə iqtisadiyyatının sabit şəkildə inkişafına da xidmət edir. Bu baxımdan atılan addımları doğru və uğurlu hesab etmək olar. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə balanslaşdırılmış münasibətlər qurması ölkənin beynəlxalq mövqeyini daha da möhkəmləndirir”, – deyə Engin Özer fikirlərini yekunlaşdırıb.
Müxbir - Səbinə Əlizadə