İDMAN
Bakıda MINEPS VII konfransının təntənəli açılış mərasimi keçirilib VİDEO
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-də Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində çoxtərəfli forum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə konfransın ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub və forumun ikinci gününün gündəliyində duran məsələlər müzakirə edilib. “Fit for Life” layihəsinə dəstək, “İnkişaf Naminə İdmanın İnkişaf edən Məlumat Landşaftı”, “Böyük idman tədbirlərinin davamlılığı” mövzularında müzakirələr aparılıb. Forumun yekununda iştirakçılar “Fit for Life” layihəsinə dəstək olacaqlarını bildiriblər.
Sonra MINEPS VII konfransının təntənəli açılış mərasimi keçirilib. Mərasimə milli rəqs kompozisiyası ilə start verilib.
Sonra rəsmi hissədə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış ediblər. Çıxışlarda MINEPS VII konfransının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, konfransın əsas məqsədi idmanla bağlı beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır. İyunun 29-dək davam edəcək konfransda 150-dək ölkənin bədən tərbiyəsi və idman sahəsinin məsul qurumlarının rəhbərləri və nazirlər iştirak edirlər.